Prezident İlham Əliyev: "Banklar üstünlüyü istehlak kreditlərinə yox, real sektora verməlidir"
"Azərbaycanda banklar ayırdıqları kreditlər barədə ildə iki dəfə hesabat verməlidir".
APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında deyib. Dövlət başçısı bildirib ki, ölkədə bank sektorunun inkişafı son illərdə sürətlə gedib, nizamnamə kapitalının artırılması bank sisteminə müsbət təsir göstərib.
Prezident artıq bankların kifayət qədər böyük nizamnamə kapitalının olduğunu bildirərək, onların bir neçəsinin xarici bazarlara çıxdığını, xaricə investisiya qoyduğunu qeyd edib. Amma böyük resursları olan banklar ölkə iqtisadiyyatına vəsait ayırmalıdır: "Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynayıb. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olub, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir".
Prezident qeyd edib ki, manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmayıb. Əksinə, manat daha da güclənir. Dövlət başçısı bu məsələyə baxılmasının vacibliyinin qeyd edib: “Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olub. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək".
Dövlət başçısı bəyan edib ki, Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Manatın məzənnəsi isə ixracın inkişafında önəmli rol oynayır. Prezidentin sözlərinə görə, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın.