Bakıda "Mercedes"lə "Kia" toqquşdu, qadın sürücü, bacısı və iki övladı ağır yaralandı

Bakının Nəsimi rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə "Mercedes" və "Kia" markalı minik avtomobilləri toqquşub. Şaiq Nağıyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Ayna Sultanova heykəli istiqamətində hərəkətdə olarkən dairəyə yaxınlaşanda sürətini azaltmayıb və Azadlıq prospekti istiqamətində hərəkətdə olan Rəna Abdullayevanın idarə etdiyi "Kia" markalı avtomobillə toqquşub. Nəticədə "Kia"-nın sürücüsü və sərnişinləri - 15 yaşlı Samir Salehli, 11 yaşlı Camal Salehli və adı hələlik məlum olmayan bacısı müxtəlif dərcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları Kliniki Tibbi Mərkəzə çatdırıb. Qəza nəticəsində avtomobillərə də ciddi ziyan dəyib.

 

İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv