Qar fırtınası ABŞ-a 500 milyon dollar ziyan vurub

ABŞ-ın şimal-şərqindəki qar fırtınası nəticəsində ölkəyə 500 milyon dollardan artıq ziyan dəyib. APA TV-nin məlumatına görə, bu hesablamanı ekspertlər aparıblar. "Moody's"in ekspeti Adam Kamins bildirib ki, fırtına təkcə Nyu-Yorka 200 milyon dollara yaxın ziyan vurub.

 

Maliyyə itkisinin əsas səbəbi fırtına zamanı Nyu-Yorkun küçələrinin nəqliyyatın hətəkəti üçün bağlanması olub. Bu müddət ərzində yük daşımaları həyata keçirilməyib, əksər sakinlər işə gedə bilməyiblər. Kiçik biznes də qar fırtınasından ciddi zərər görüb.

 

Ümumilikdə isə qar fırtınası Nyu-York üçün sinoptiklərin proqnozlaşdırdığı qədər də qorxulu olmayıb. Fırtınadan sonra qar örtüyünün qalınlığı yalnız bir sıra rayonlarda əvvəlcədən deyildiyi kimi 90 santimetr əvəzinə, cəmi 15 santimetrə çatıb.

 

Yerli hakimiyyət orqanları avtomobil nəqliyyatının hərəkətinə qoyulan qadağanı artıq ləğv ediblər. Bir çox müəssisələr və mağazalar açılıb. Nyu-Yorkun meri şəhərin tezliklə normal həyata qayıdacağını vəd edib.

 

Qar fırtınası səbəbindən Nyu-York, Filadelfiya və Boston aeroportlarında aviareyslərin 80 faizi ləğv edilmişdi. Meteoroloqların güclü qar yağacağı barədə xəbərdarlığına əsasən səkkiz ştatda fövqəladə vəziyyət rejimi elan olunmuşdu.

 

Meteoroloji xidmət bir müddət sonra potensial təhlükə səviyyəsini azaldıb.

 

Müəllif | Apa.Tv