Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub. APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Vazaşen, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Goranboy rayonunun Talış, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli, Sarıcalı, Novruzlu, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. 
Düşmən cavab atəşi ilə susdurulub.

 

Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv