Nazir: "Mülkiyyətindəki torpaq sahələrindən istifadə etməyən fermerlərə qarşı tədbirlər görüləcək"

"Dünya Bankının məlumat bazasına əsasən, Dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, olub". APA TV-nin verdiyi xəbərə görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.  Onun sözlərinə görə, bu müddətdə ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, Azərbaycanda bu göstərici 39 faiz təşkil edib.

 

Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib: “Hesabat ilində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz az olub, o cümlədən natural ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azalıb. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir”.

 

Bu müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olub, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub.

 

Kənd təsərrüfatı naziri çıxışı zamanı bir sıra problemlərin həllinə diqqət yetirilməsinin vacib olduğunu qeyd edib. Bunlar əsasən yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması, tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması, mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsidir. 

Müəllif | Apa.Tv
Apa.tv