“Qazprom” Türkiyə ilə “Türk axını” barədə razılığa gəldi

"Qazprom" "Cənub axını" layihəsini əvəz edəcək "Türk axını" ilə bağlı Türkiyə tərəfi ilə razılığa gəlib. Bu layihə Rusiyaya Ukrayna ərazisindən Avropaya qaz nəqlini dayandırmağa imkan verəcək. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, "Qazprom" artıq “Türk axını” ilə bağlı Ankaranın təkliflərini qəbul edib. Boru kəməri Qara dənizdən birbaşa Türkiyənin Avropa hissəsinə uzanacaq, xəttin dənizin dibi ilə çəkiləcək hissəsini Rusiya şirkəti, qurudakı hissəsini isə tərəflər müştərək inşa edəcəklər. "Qazprom" "Türk axını"nın inşasına 2016-cı ilin sonlarında başlamaq niyyətindədir. Lakin Rusiyanın sanksiyalarla üzləşməsi və neftin qiymətinin hazırkı səviyyəsi Moskva üçün maliyyə çətinliyi yaradıb. “Qazprom” rəhbəri Aleksey Millerlə Türkiyənin energetika naziri Taner Yıldız arasında razılığa əsasən, borunun Qara dənizin dibi ilə keçən hissəsinin “Qərb” marşrutu, Bolqarıstan istiqamətində deyil, Türkiyə istiqamətində inşa olunacaq. “Qazprom" artıq bu gün Ankaraya Qara dənizin Türkiyənin akvatoriyasında 250 kilometr məsafədə inşa ediləcək xəttin geoloji kəşfiyyat işlərinin aparılması barədə sorğu göndərəcək. Bu həftə ərzində isə tərəflər layihənin plan-qrafikini hazırlayacaqlar. Layihənin inşası plana uyğun gedərsə, Rusiya 2017-ci ildən Ukrayna üzərindən Avropaya qaz nəqlini 75 faiz azaldacaq. Ümumiyyətlə, "Qazprom" Ukrayna vasitəsilə Qərbə qaz nəqlini 2020-ci ildən tam dayandırmağı planlaşdırır. Həmin il rus şirkətinin "Ukrayna Naftoqaz"ı ilə müqaviləsinin müddəti də bitir. "Qazprom" 2020-ci ildən Avropaya Türkiyə üzərindən qaz satmaq istəyir.

Müəllif | Apa.Tv
Apa.tv