Nazir müavini: "İstəyirik ki, sosial ipotekaya ayrılan vəsaitin miqdarı artırılsın"
"Azərbaycan gənclərinin İnkişaf Strategiyasında gənclərin ev probleminin həll edilməsi mexanizminin təkminləşdirilməsi əksini tapıb. Ancaq hər dövrün bir tələbi var. Dövlətin iqtisadi imkanlarına söykənərək o qaydalar dəyişilə bilər".
APA TV-nin xəbərinə görə, bunu Gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib: "Mən qarantiya verə bilmərəm ki, Azərbaycan gənclərinin hamısı evlə təmin ediləcək. Bizim də niyyətimiz ondan ibarətdir ki, sosial ipotekaya ayrılan vəsaitin miqdarı artırılsın. Bu, tədricən artırılır. Eyni zamanda sosial ipoteka ilə təmin olunacaq insanların katiqoriyalarının sayı artsın".
Elm sahəsində çalışan gənclərin sayının az olduğunu bildirən İntiqam Babayev Milli Məclisə gənclər siyasəti ilə bağlı qanuna əlavə və dəyişikliyin edilməsi barədə müraciət edəcəklərini vurğulayıb.
İntiqam Babayev yaradıcı gənclər üçün müxtəlif emalatxanaların, studiyaların yaradılması üçün qanunvericiliyə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə təkliflər hazırlanacağını da deyib.
Nazir müavini azərbaycanlı gənclərin xaricdə təhsil alması prosesinin ardıcıl olaraq davam etdirildiyini qeyd edib.