“Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” elektron layihəsi təqdim edilib

Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihənin təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, Prezident Kitabxanasının müdiri Mayıl Əhmədov deyib ki, elektron layihə Azərbaycan və ingilis dillərində hazırlanıb. Layihədə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi istisna olmaqla, Dağlıq Qarabağ münaqişəsi zamanı işğal altında qalan ərazilərimizdəki 800-ə yaxın abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkilləri, eləcə də həmin abidələrin qısa xarakteristikası hazırlanıb. Mayıl Əhmədov bildirib ki, bu abidələr ölkə və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq və arxeoloji abidələr, tarixi-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib: “Elektron layihənin “Abidələrimiz” fəslində Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər və Qazax rayonlarında, Qərbi Azərbaycan ərazisində ermənilərin mili-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandallıqlardan bəhs edir. “Fotoittiham” fəslində erməni vandalizminin əyani görüntülərini özündə əks etdirən 160-dan artıq şəkil yerləşdirilib”.

Mayıl Əhmədov nəzərə çatdırıb ki, Azərbaycan mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilib. İşğal olunmuş ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilib və yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. İşğal olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilib.

 Layihənin təqdimatı zamanı ermənilərin Ağdam Cümə məscidində donuz saxlamasını əks etdirən fotoşəkillər də təqdim edilib.

Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox ziyan dəyib.

 

Müəllif | Apa.Tv
Apa.tv