Astara sakinindən külli miqdarda narkotik götürülüb
Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. APA TV-nin cənub bürosunun xəbərinə görə, ötən gün Astara Rayon Polis Şöbəsinə rayon ərazisində narkotik vasitələrin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 28 yaşlı Emin Dadaş oğlu Axundov iş başında yaxalanıb. Saxlanılan şəxsdən 71,575 qram narkotik vasitə olan heroin aşkarlanıb. Dindirilmə zamanı Emin Axundov narkotik vasitələrin aludəçisi olduğunu və narkotiki özünün istifadəsi üçün aldığını bildirib.
Müstəntiq Gündüz Abdulov isə bildirib ki, narkotik vasitənin miqdarı həmin şəxsin narkotiki satış məqsədi ilə əldə etdiyini göstərir.
Emin Axundov narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirib. Bu yola düşməsini isə işsiz olması ilə izah edib.
Saxlanılan şəxsin üzərindən götürülən narkotik vasitənin qara bazarda qiyməti 1500 manat civarındadır.
Qeyd edək ki, bu, Emin Axundovun ikinci məhkumluğu olacaq. O, oğurluqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum olunub. Faktla bağlı araşdırma aparılır.