Bakıda dəm qazından boğulan ailə son anda xilas edildi
Paytaxtın Yasamal rayonunda dəm qazından boğulmaq təhlükəsi ilə üzləşən ailə xilas edilib. APA TV-nin məlumatına görə, hadisə Akim Abbasov küçəsi 16 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayə qalan Türkiyə vətəndaşı Məlahət Yıldız, anası və yeni doğulan körpəsi ilə birlikdə dəm qazından zəhərlənib. Xoşbəxtlikdən Məlahət Yıldız hadisədən sonra yaxınlıqda yaşayan qohumuna bu barədə məlumat verib. Qohumu isə dərhal hadisə yerinə gələrək qonşulardan kömək istəyib. Onların və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkli ilə Məlahət Yıldız, anası və azyaşlının həyatını xilas etmək mümkün olub. Hər üç şəxs hadisə yerinə gələn təcili tibbi yardımın vasitəsilə xəstəxanaya yerləşdirilib.