"Hizbullah"dan İsrail ordusuna ağır zərbə: ölənlər var

 

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrail hərbçiləri və "Hizbullah" döyüşçüləri arasında qarşıdurma yaşanıb. Hadisə Livanla sərhəddə Dov rayonunda baş verib. Livan ərazisindən atılan tank əleyhinə raket zərbəsi nəticəsində iki İsrail əsgəri ölüb, 7-si yaralanıb. Yaralı İsrail hərbçiləri xəstəxanaya yerləşdiriliblər. İsrail tərəfi buna cavab olaraq, həmin ərazini atəşə tutub. Bu zaman isə orada xidmətdə olan BMT sülhməramlısı ölüb. Baş verən silahlı insidentin məsuliyyətini "Hizbullah"ın qolu olan "Əl-Küneytra əzabkeşləri" qruplaşması üzərinə götürüb.
Təl-Əviv baş verənlərlə əlaqədar İranı təqsirləndirir. "Bunu təşkil edənlər layiqli cavablarını alacaqlar" deyə baş nazir Benyamin Netenyahu bildirib. "İran çoxdan "Hizbullah"ın əli ilə Holan yüksəklikləri bölgəsində terror aktları törətməyə hazırlaşır. Biz bunun qarşısını dəfələrlə almışıq, bundan sonra isə tədbirlərimizi daha da sərtləşdirəcəyik". İsrailin hökumət başçısı əlavə edib ki, bu məsələdə Livan Və Suriya da günahkardırlar. Livanın cənubunda aktiv olan "Hizbullah" tərəfdarları raket zərbəsinin nəticəsini öyrəndikdən sonra bayram ediblər. Təşkilatın rəhbərliyi vurğulayıb ki, bu addım İsrailin aviazərbələri nəticəsində Suriyanın cənubunda fəaliyyət göstərən tərəfdarlarının və bir İran generalının öldürülməsinə cavab olaraq atılıb.
 

Müəllif | Apa.Tv
Apa.tv