Ölkədə işçilərin sağlamlığı üçün təhlükəli olan 3 müəssisənin fəaliyyəti dayandırılıb
"2014-cü il ərzində əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 20 min 417 hüquq pozuntusu aşkarlanıb".
APA TV-nin xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Təhlükəsiz iş” ongünlüyü çərçivəsində seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib. Fuad Əlizadə bildirib ki, hüquq pozuntularının 10,3%-i məhz əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub. Belə hallara görə işəgötürənlərə qanunvericilik əsasında cəza tədbirləri tətbiq olunur.
Xidmət rəisi əməyin təhlükəsizlik qaydalarına dəyişiklik etmək məqsədi ilə yeni qanun layihəsinin hazırlandığını da bildirib: "İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində əməyin mühafizəsi qaydalarına riayət olunmamasına görə 1000 manatdan 2 min manata kimi cərimələrin tətbiq olunur. Biz bu maddəyə dəyişiklik edilməsi üçün yeni qanun layihəsi hazırlamışıq. Buna səbəb bir sıra işəgötürənlərin texniki təhlükəsizlik üçün müəyyən avadanlıqların bah qiymətə almadan işçiləri işlətməsi və əvəzində min-iki min manat cəriməni ödəməyə razı olmalarıdır. Yeni qanun layihəsində həmin cərimələr 5 min manat göstəriləcək".
Xidmət rəisi bildirib ki, 2015-ci ilin ilk ayında bir sıra istehsal, sənaye və tikinti sahələrində monitorinqlər keçirilib. Üç istehsal və tikinti sahəsində işlər dayandırılıb. Həmin müəssisələrdə işçilərin sağlamlığı üçün real təhlükə olub. Bu təhlükələr aradan qaldırılandan sonra qurumların normal fəaliyyətinə icazə veriləcək.