Bakıda buraxılış imtahanlarına dair tədbirlər iyunun 7-dək başa çatacaq

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə keçiriləcək imtahanlarla bağlı texniki və metodiki kömək göstərir".

APA TV-nin xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. Komissiya sədri qeyd edib ki, bununla bağlı bəzi hüquqi məsələlər onlardan asılı deyil: "Hətta “Təhsil haqqında” qanunda müəyyən dəyişiklik olmalıdır. Çünki qanunda yazılıb ki, magistraturaya qəbulu yalnız təhsil müəssisələri apara bilər. Elmi müəssisələrin magistraturasına qəbulla bağlı isə “Təhsil haqqında” qanunda heç bir maddə yoxdur. Bu dəyişikliklər baş tutandan sonra təbii ki, qəbul aparılacaq".

Onun sözlərinə görə, I Avropa Oyunları ilə əlaqədar bu il Bakıda keçiriləcək buraxılış imtahanlarına dair bütün tədbirlər iyunun 7-dək başa çatacaq. Regionlarda buraxılış imtahanları iyun ayında keçiriləcək.

Bu il ali məktəblərin bakalavriat səviyyəsi üçün aprelin 5-də, 12-də və 19-da və mayın 3-də olmaqla 4 sınaq imtahanı keçiriləcək. Sınaq imtahanlarının 4-ü də yeni olacaq, yəni təkrar sınaq imtahanları nəzərdə tutulmayıb.

Məleykə Abbaszadə qeyd edib ki, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Bu qaydalar cari ilin məzunlarına şamil olunacaq: "Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən əvvəlki illərin məzunları isə buraxılış imtahanı səviyyəsində olan eksternat imtahanda iştirak edəcək. Əvvəlki illərin attestat qiymətlərini nəzərə ala bilməyəcəyik. Onların səviyyəsi bu ilki məzunların səviyyəsi ilə eyni olmalıdır".

 

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2014-cü ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə fərqlənən nəzarətçi-müəllimlər mükafatlandırılıb. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova