TQDK: Yaxşı oxuyan oğlanların sayı qızlardan çoxdur
"Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur".
APA TV-nin xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib: "Ölkədə orta nəticə göstərənlərin arasında qızlar çoxluq təşkil edir. Orta statistik nəticələrdə oğlanlarla müqayisədə qızlar daha yaxşı göstərirlər. Amma ən yaxşı nəticəni oğlanlar göstərir. Oğlanlar ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edilər".
Komissiya sədri qeyd edib ki, bəzi ali məktəblərə qəbul olanlar arasında qızlar çoxdur: "Azərbaycan Tibb Universitetinin tələbələrinin çoxu qızlardır. Amma tibb sahəsində müəyyən ixtisaslarda oğlanlar olmalıdır. Rezidenturada isə qızlar daha çox təhsil alsalar da, heç biri meyitlərlə işləmək istəmir. Müəyyən ixtisaslar var ki, məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, fiziki güc də lazımdır".
Qurum sədri bildirib ki, Azərbaycanda oğlanların IV qrup üzrə təhsil alması azalıb.