Gəncədə Tikintilərdə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi əməkdaşlarının yerli icra orqanları ilə görüşü keçirilib

Gəncədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintilərdə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşlarının yerli icra orqanları ilə görüşü təşkil olunub. APA TV-nin  məlumatına görə, Gəncə şəhəri ilə yanaşı Qərb bölgəsində yerləşən 9 rayonun İcra Hakimiyyəti başçılarının müavinləri, baş memarları və hüquq şöbələrinin müdirlərinin qatıldığı görüşdə 2013-cü ildə qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlər haqda danışılıb. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları tərəfindən iştirakçılara yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə proseduraları barədə məlumat verilib. Qeyd olunub ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz hesab ediləcək, onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq. Eyni zamanda qeyd olunub ki, tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yollarına, neft obyektlərinə və yanacaq doldurma məntəqələrinə uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks təqdirdə bu tikintilər qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş hesab ediləcək. Həmçinin, Qərb bölgəsində yerləşən yerli icra orqanları tərəfindən müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan  verilən 73 sərəncamın əsassız olduğu üçün ləğvi məsələsi müzakirə olunub.

Görüşdə iştirak edən yerli icra orqanların nümayəndələri yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı suallar səsləndiriblər. Nazirliyin əməkdaşları tərəfindən onlara bu və yeni sənədləşmə qaydaları ilə bağlı digər məsələlər izah olunub.

Müəllif | Apa.Tv
Azər Məmmədli