İranlı nazir: "İran Azərbaycan üçün tranzit rolunu oynaya bilər"
"Azərbaycan və İran iqtisadi münasibətlərini daha da gücləndirməklə xalqların rifahına nail olmaq istəyirlər". APA TV-nin xəbərinə görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia deyib. Onun sözlərinə görə, hər iki ölkə regionda sülh və əmin-amanlığın hakim olmasına çalışır: "Azərbaycan və İranın birgə əməkdaşlığı və yaxın münasibətləri hər iki xalqın, eləcə də region xalqlarının rifahına kömək edəcək. Hər iki ölkədə mövcud olan iqtisadi imkanlar və potensiallar əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcək. İki ölkə arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər".
Nazir bildirib ki, İranda fəaliyyət göstərən şirkətlərin mühəndislik və texniki baxımdan təcrübəsi var və iranlı mütəxəssislər Azərbaycandakı böyük layihələrdə və tikinti işlərində iştirak edə bilərlər. Eyni zamanda İran ticari məsələlərdə tranzit rolunu oynamaqla Azərbaycan məhsullarını və yüklərini dəmir yolu vasitəsilə Fars körfəzi ölkələrinə çatdıra bilər. Azərbaycan və İran arasında ticarət mübadiləsində milli valyutadan istifadə etməyin mümkün olduğunu deyən nazir onu da bildirib ki, bu məsələ iki ölkə arasında müzakirə edilməyib və bu müzakirələri mərkəzi banklar aparmalıdır. Əli Tayebnia qeyd edib ki, bu gün Azərbaycan Mərkəzi Bankının sədri ilə də görüşəcək: "Bank sahəsində əməkdaşlığın genişləndirilməsi həm bu görüşdə, həm də ekspertlərin görüşündə müzakirə olunacaq. Görüşlərdə iki ölkənin bankları arasında əməliyyatların aparılması, pulköçürmə əməliyyatlarının həyata keçirilməsi müzakirə ediləcək. Azərbaycan rəsmiləri iki ölkə arasında bank sektorunda olan maneələrin aradan qaldırılması və bu sahədə əməkdaşlığın artırılmasını istəyir. Düşünürəm ki, biz bu sahədə uğur qazanacağıq".
Azərbaycanlı investorlar son illər İranda əsasən neft və neft-kimya, mənzil tikintisi, tikinti materiallarının istehsalı sahələrinə sərmayə yatırdıqlarını deyən iranlı nazir bildirib ki, xüsusilə Azərbaycanla sərhəd bölgələrində yerləşən Araz azad iqtisadi zonası və Maku ticarət zonasında sərmayə yatırmaqda maraqlıdırlar.