Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçılarının növbəti görüşü keçirilib

Bu gün Aşqabadda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun ikinci üçtərəfli görüşü keçirilib. Azərbaycan

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər hər üç ölkə arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsi ilə bağlı razılıq əldə olunub.

 

İqtisadiyyat, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşün sonunda Birgə Bəyanat imzalanıb. Sənddə bildirilir ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-birilərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini təsdiq edir. Xarici işlər nazirləri enerji sahəsində üç ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər və Xəzər dənizi regionundan Türkiyədən keçməklə Avropaya təbii qazın çatdırılmasının xüsusi əhəmiyyəti qeyd olunub.

Nazirlər ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiklərini deyiblər. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb.

Görüşdə 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə Proqramı qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv