Vaqif Səmədoğlu son mənzilə yola salındı
Kimisə xatırlayanda, "düşürsən yadıma yağanda yağışlar", demişdi. Amma indi "ayrılıq bir dəniz oldu, o, uzaq yaşıl ada". Bir də çox yorğun olduğunu deyirdi. O üzdən "İlahi özüm gəlim, ya kimisə göndərirsən?" soruşmuşdu...
Yəqin ki, özü getdi, "dar bir quyu dibində, qaranlıq nəm içində, işıqlı qəm içində, ağrısız, bir azca yatmaq istədi". Xalq şairi Vaqif Səmədoğlu dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.
Mərhumla vida mərasimi Azərbaycan Dövlət Dram Teatrında keçirildi. Mərasimdə mərasimdə şairin ailə üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, dövlət müşaviri Kamal Abdulla, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Milli Məclisi vitse-spikeri Ziyafət Əsgərov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, dövlət rəsmiləri, millət vəkilləri, yazarlar iştirak edirdilər.
Xalq yazıçısı Anar Vaqif Səmədoğlunu ölümə qalib gələn şair adlandırdı. APA TV-nin xəbərinə görə, qəhərini gizlədə bilməyən yazar nitqini yarımçıq saxladı: "Ölümlə zarafatlaşa bilən dünyada nadir insanlardan idi. Vaqif bizə kişi kimi yaşamağı və kişi kimi ölümü qarşılamağı öyrətdi. Ömrümüzün 60 ili çiyin-çiyinə, yan-yana, dostluqla keçib. Mənim üçün dünən dünya boşaldı".
Dövlət müşaviri Kamal Abdulla Vaqif Səmədoğlunu öz şeirinin içində olan şair adlandırdı: "O, son gedişi ilə də bunu bir daha sübut etdi. Həqiqətən də dünən o, bir axşam taksidən öz payızına düşdü".
Xalq şairi dəfn olunmaq üçün Ii Fəxri Xiyabana aparıldı. Atası Səməd Vurğunun qəbrindən bir az aralıda torpağa tapşırıldı. Vaqif Səmədoğlunun vəsiyyətini yerinə yetirən oxucuları onun məzarına bir cüt ayaqqabı qoydular, şeirində yazıldığı kimi...
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...