Ərdoğan: “Sifarişlə qondarma "erməni soyqırımı"nı qəbul etməyə məcbur deyilik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalının canlı yayımında jurnalistlərin suallarını cavablandırıb. APA TV-nin məlumatına görə, Türkiyə prezidentinə Ankaranın 1915-ci il hadisələrinin 100-cü ildönümünə hazırlıqları barədə sual verilib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, ötən il aprelin 23-də Ermənistan prezidenti Serj Sэrkisyana məktub yollasa da, Ermənistan tərəfi bu jestə müsbət cavab verməyib. Bunun əvəzində erməni diasporu rahat dayanmır, ortalığı qarışdırmağa çalışır: "Kimlərinsə sifarişi ilə qondarma "erməni soyqırımı"nı qəbul etməyə məcbur deyilik. Biz deyirik ki, bu məsələdə səmimisinizsə, bunları tarixçilərin ixtiyarına buraxaq, tarixçilər çalışsınlar, arxivləri açaq. Biz arxivlərimizi açdıq. 1 milyondan çox sənədi ortaya çıxardıq. Ermənistanın arxivi varsa, o da çıxarsın. Üçüncü ölkələrdə varsa, onlar da çıxarsınlar. Amma bunların heç biri buna səy göstərmirlər"
Ərdoğan bəyan edib ki, araşdırmalar nəticəsində türklərin hansısa günahı üzə çıxsa, müasir Türkiyə bunu dəyərləndirə və lazım olan addımı ata bilər. Ermənistan tərəfi isə arxivləri açmaq əvəzinə ayrı-ayrı ölkələrdə bəzi adamları müxtəlif yollarla ələ almağa, heç bir hüquqi əsası olmayan qərarlar qəbul etdirməyə çalışır:
"Heç bir əlaqəsi olmayan ölkələrə gedib, oralarda özləri üçün bir qərar çıxarırlar. Əlaqəsi olmayan, dünyanın başqa bölgəsindəki bir ölkə, soruşsanız xəritədə Ermənistanın yerini belə göstərə bilməz... Bir-iki adamı ələ alıb parlamentdə qərar çıxarırlar, "filan ölkə bizi dəstəkləyir" deyirlər. Belə şeylər dünyada özünə yer tapa bilməz, tapmayacaq".
Rəcəb Tayyib Ərdoğan onu da etiraf edib ki, dünyada erməni diasporu daha fəaldır, bu sahəyə böyük məbləğdə vəsait xərclənir:
"Bilirsiniz ki, bir çox lobbi şirkətləri var. Onlara çox ciddi pullar xərcləyirlər. Burada rəqəm səsləndirmirəm. Bəsit rəqəm deyil".
Türkiyə prezidenti bəyan edib ki, erməni tərəfi vaxtilə İsveçrədə də danışıqlar masasından qaçıb, bu gün də sağlam dialoqdan qaçır.