Qaradağda içki məclisi bıçaqlanma ilə nəticələnib

Bakının Qaradağ rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, gecə saatlarında təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə naməlum şəxs gətirilib. Əməliyyat olunan yaralının həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, yaralı 34 yaşlı Süleyman Musa oğlu Kazımovdur. Onun xəsarətinin bıçaqlanmaya xas olduğunu müəyyənləşdirən həkimlər bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Polis əməkdaşlarının apardığı ilkin araşdırma nəticəsində hadisənin baş verdiyi yer müəyyənləşib və bəzi detallar üzə çıxıb. Məlum olub ki, hadisə Qaradağ rayonun Lökbatan qəsəbəsində, "İkinci massiv" adlanan yaşayış məntəqəsində baş verib.

Süleyman Kazımovun bıçaqlandığı şəraitə gəlincə, o, kirayədə yaşadığı evdə iki tanışı ilə yeyib-içib. Çörək kəsən, bir-birilərinin sağlığına badə qaldıran tanışlar arasında sonradan mübahisə yaranıb. Tanışlarından biri masanın üstündəki bıçaqla Süleyman Kazımovu vurub. Həmin şəxs dərhal hadisə yerini tərk edib. "Badə yoldaşı"nı bıçaqlayan şəxsi saxlamaq hələlik mümkün olmayıb. İstintaq sirri olduğundan onun adı açıqlanmır.

Faktı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi araşdırır.

 

Müəllif | Apa.Tv
Apa.tv