Yeni kralın Səudiyyə Ərəbistanı vətəndaşlarına sabah sürprizi: "Dəyərli xalqım..."

Səudiyyə Ərəbistanın yeni kralı Salman ibn Əbdül Əziz əl-Səud ölkə vətəndaşlarını sevindirəcək qərarlar verib. Yeni kral  hakimiyyətə gəlməsi münasibəti ilə dövlət məmurlarına, təqaüdçülərə və  tələbələrə 30 milyard dollar dəyərində 2 maaş qədərində mükafat verilməsini əmr edib. Bundan başqa kralın əmrinə görə, 133 min dolları aşmayan pul cəzası kəsilmiş ölkə vətəndaşları əfv edilib, eyni cəzalı xarici vətəndaşlar isə deportasiya edilərək ölkəyə girişlərinə qadağa qoyulub.

 

Elektrik və su xidmətlərinə yönələn layihələrdə xərclənmək üçün 20 milyard riyal ayırmağı qərarlaşdıran Salman, ölkədəki ədəbiyyat klublarına və idman komandalarına böyük miqdarda maliyyə ayrılması haqqında təlimat verib.

 

Yeni kral Twitter hesabından xalqına müraciət edib. "Dəyərli xalqım, nə etsəm də sizin haqqınızı ödəyə bilmərəm. Daha çoxuna layiqsiniz. Dinə və vətənə xidmət üçün Allahdan mənə və sizlərə yardım etməsini diləyirəm. Dualarınızda məni unutmayın" deyə kral bildirib. Onun bu açıqlaması böyük dəstək görüb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı