Taksi sürücülərini soyan şəxs: "Könlü balıq istəyənin..."

Yasamal polisi taksi sürücülərinə qarşı quldurluq etməklə pullarını mənimsəyən şəxsləri müəyyən edərək həbs edib. APA TV-nin məlumatına görə, tutulanlar Zərdab rayon sakini, 1997-ci il təvəllüdlü Murad Teymurov və  əvvəllər məhkum olunmuş Ceyhun Talıbovdur. Murad Teymurov əməllərini necə həyata keçirdiklərini danışıb.

 

"Ceyhunun saxta 100-lüyü var idi, göstərirdi. Xırda alan kimi düşüb qaçırdı. Mən də gedirdim".

 

10 epizodda təqsirli bilinən dəstə üzvləri  törətdikləri cinayətin yalnız 8-ni etiraf ediblər. Murad Teymurovun sözlərinə görə,  Ceyhunla bir evdə qaldığından onun təklifinə yox deyə bilməyib.

 

"Təklif məndən gəlib deyəndə ki, mənimlə bir otaqda qalıb. Mənim nə işlə məşğul olduğumu bilirdi. Könlü balıq istəyənin quyruğu suda gərək olsun. Mənə özü qoşulub". 

 

Xəzər polisi isə Şüvəlan qəsəbəsində marketlərin birində olan PAY POİNT  aparatını sındırıb içindən 600 manat pulu oğurlayıb öz aralarında bölən şəxsləri yaxalayıb. 28 yaşlı Əli Kazımov və 22 yaşlı Rəvan Əzimov oğurluğu gecə saatlarında həyata keçiriblər. Müşahidə kameralarına düşən şəxslər növbəti gün yaxalanıblar.

 

"Dükana girdi, mən çöldə idim. Aparatı qırdı açdı, oturduq maşına getdik. Pulları böldük, səhər tutulduq".

 

"Mantirofka götürüb dükana gəldim. Girdim açdım, pulları götürdüm. Əliyə zəng elədim, maşını ilə gəlib məni apardı. Pulları böldük".

 

Hər iki faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə iştirak edib etmədikləri araşdırılır.

 

Müəllif | Apa.Tv