Yanvarın sonuncu gününün hava proqnozu: yağış yağacaq
Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, havanın günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.