Aydın Əliyev: "Yaxın vaxtlarda elektron ticarətlə bağlı qərar veriləcək"
"Yaxın vaxtlarda elektron ticarətlə bağlı problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyələr qəbul olunacaq. Bu qərarlardan sonra isə bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik".
APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. Komitə sədrinin sözlərinə görə, fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işləyə bilsin: "Mobil telefonlar istər fiziki şəxslər, istərsə də şirkətlər tərəfindən gətirildikdə qeydiyyatdan keçməlidir. Yalnız elektron deyil, həm də poçt vasitəsi ilə ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil".
Aydın Əliyev mobil telefonların Azərbaycana gətirilməsində baş verən qanunsuzluqlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb: "Dünyada internet ticarət vergilərin toplanması probleminə çevrilib. Bu problemlərdən əvvəllər biz başqa bir şəkildə qarşılaşdırdıq. Məsələn, bir işbaz ucuz mallar alaraq onu qatarda camaata paylayırdı. Guya hərəsi öz tələbatı üçün gətirib. Sərhədi keçən kimi onları yığıb, bunu sertifikatsız bazara çıxarırdı".
Aydın Əliyev bildirib ki, bəzi ölkələrin və dünya iqtisadiyyatında baş verən böhrana baxmayaraq, Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) illik proqnozların yerinə yetirilməsini tam təmin edəcək.