Nazir: "Elektron ticarətlə paralel elektron qaçaqmalçılıq da meydana gəlib"

"Son zamanlar elektron xidmətlərin genişlənməsi və elektron texnologiyalara əhalinin çıxışının genişlənməsi nəticəsində elektron kommersiya və elektron ticarət vasitəsi ilə alış-verişin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb".

 

APA TV-nin xəbərinə görə, bunu rabitə və yüksək texnologoyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bəzən elektron ticarətin müsbət tərəflərindən istifadə edən bəzi işbazların qeyri-qanuni sahibkarlıq fəaliyyətinə də diqqət çəkib.

 

"Son zamanlar elektron ticarətlə paralel elektron qaçaqmalçılıq da meydana gəlib. Bunun da qarşısını almaq üçün Gömrük Komitəsi Nazirlər Kabinetinə müraciət edib. Bizim nazirlik, Sənaye və İqtisadiyyat, Maliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə məsləhətləşmələr çərçivəsində məsələni araşdırırıq. Burada bizim əsas fikrimiz odur ki, yeni texnolgiyaların istifadəsindən əhali bəhrələnməlidir. Əgər hardasa bir neqativ hadisə varsa, bu, o demək deyil ki, bu texnoloji inkişafı, xidməti dayandırmaq lazımdır. Əsas neqativ hallarla mübarizə etmək lazımdır".

 

Əli Abbasov qeyd edib ki, elektron qaçaqmalçılığına qarşı mübarizə tədbirləri gücləndirilir. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı