Bakıda güclü partlayış: 5 mənzil yararsız hala düşdü
Ötən gecə Bakının Nəsimi rayonunda partlayış baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun 28 May küçəsi, 69 ünvanında birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında baş verib. Evlər bir-birinə yaxın olduğundan baş verən güclü partlayışdan 5 mənzil zərər görüb. Mənzillərdən bəzilərinin divarları uçub, qapı və pəncərələri sıradan çıxıb. Evlərdəki əşyalar yerlə-yeksan olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə İdarəsinin Nəsimi Rayon Şöbəsinin canlı qüvvəsi və texnikası, eyni zamanda təcili tibbi yardım maşınları və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.
Dərhal qonşu mənzillərdə yaşayanlar ərazidən evakuasiya olunub. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunduğundan "Azəriqaz"ın əməkdaşları mənzillərə verilən qazı müvəqqəti olaraq dayandırıblar. Polis əməkdaşları kənar şəxslərin əraziyə girməsinə qadağa qoyub.
Qonşu mənzillərdə yaşayan sakinlərin sözlərinə görə, partlayış qəfil baş verib və təsiri güclü olduğundan 5 ev zərər görüb. Sakinlər onu da bildirdilər ki, yaşadıqları evlər qəzalı vəziyyətdədir. Lakin bu barədə heç bir aidiyyəti dövlət qurumuna müraciət etməyiblər.
Qeyd edək ki, partlayışla əlaqədar sözügedən ünvandakı mənzillərə giriş qadağan olunub.
Fövqəladə Hallar Nazirliyi partlayışla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.