Kərkükdə İŞİD-ə zərbə: Samara və Bağdad bombalandı

İŞİD terror təşkilatı Kərkük istiqamətində hücumları gücləndirib. APA TV-nin məlumatına görə, gecə saatlarında şəhərin cənubunda, peşmərgələrin nəzarətindəki kəndlərə hücum edən İŞİD şiddətli döyüşlər nəticəsində durdurula bilib.


Döyüş zamanı İŞİD üzvlərindən bir çoxu dumanlı havadan istifadə edərək "Qəsr Kərkük" adlı mehmanxanada gizləniblər. Buna baxmayaraq peşmərgələr otelin nəzarətini qısa zamanda ələ keçirməyi bacarıblar.


Kərkük və ətrafında baş verən toqquşmalarda ən az 14 peşmərgə həyatını itirib. Eyni zamanda Kərkükdə küçəyə çıxmaq qadağan olunub.


Digər yandan Bağdada da bombalı hücum olub. Paytaxtın Bab Əl- Şarki bölgəsində ticarət mərkəzini hədəf alan terroristlər 18 nəfərin ölümünə səbəb olublar.


Daha bir hücum xəbəri isə Bağdadın təxminən 125 km şimalında yerləşən Samara şəhərindən gəlib. İki kamikadzenin polis nəzarəti məntəqələrinə hücum etməsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv