Cəlilabad sakini arvadının gözü qarşısında bıçaqlanıb

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qızının ad gününə hazırlaşan Göytəpə şəhər sakini, 38 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə mağazadan bazarlıq edib evə qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxananın həkimi Sənan Rzayev yaralının şöbəyə qarnının kəsilmiş-deşilmiş, sağ kürək nahiyəsində kəsilmiş-deşilmiş yarası ilə daxil olduğunu deyib: “Daxil olarkən xəstənin vəziyyəti çox ağır idi. Hal-hazırda xəstə əməliyyata götürülür”.

Mirqoşqar Mürsəlovun həyat yoldaşı isə hadisəni belə xatırlayır: “Mağazadan bazarlıq etdik, yoldaşım getdi ki, maşından pulu gətirsin. Ağəddin, Adil, Məlik bir də Ramiz mağazanın qabağında dayanmışdılar. Mən onları orada dayananda gördüm. Hamısı töküldülər, mən qaldım ortalıqda, heç kəs yaxına gəlmədi. Döydülər, bıçaqladılar, qanın içində yıxıldı. Sonra da çıxıb getdilər”.

Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA TV-yə verilən məlumata görə, faktla bağlı hələlik heç kim saxlanılmasa da, Mirqoşqar Mürsəlova xəsarət yetirmiş şəxslərin kimliyi artıq məlumdur və onların istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

 

Müəllif | Apa.Tv
Apa.tv