"Boko Haram"a ağır zərbə: 123 terrorçu öldürüldü

Afrikada aktiv olan radikal islamçı qruplaşma - "Boko Haram"ın döyüşçüləri Kamerunun şimalından Çad ərazisinə soxulublar. Terrorçular Çadın Fokul bölgəsində yerləşən hərbi hissəyə hücum edib. APA TV-nin "RİA NOVOSTİ"yə istinadən verdiyi məlumata görə, hərbçilərlə terrorçular arasında döyüş olub. "Boko Haram"ın 123 üzvü məhv edilib. Çad ordusu 3 hərbçisini itirib, 12 nəfər yaralanıb. Xatrladaq ki, Mərkəzi Afrika bölgəsində amansız qətliamlar törədən "Boko Haram" Nigeriyanın şimal-şərqində şəriət qaydaları ilə idarə etmək istədiyi xəlifət yaratmaq iddiasındadır. Terror və kütləvi qətllərlə ən çox üzləşən ölkə də məhz Nigeriyadır. Son beş ildə ölkənin 13 mindən çox sakini öldürülüb, milyon yarım insan isə yaşadığı ərazilərdən köçməyə məcbur olub. Təkcə bu ilin yanvar ayı ərzində "Boko Haram" Nigeriyanın Çadla sərhəddə yerləşən Baqa şəhərində iki min insanı qətlə yetirib.

Müəllif | Apa.Tv
Apa.tv