Xudatda "Milliön" ödəmə aparatı oğurlanıb
Xudatda mağazadan "Milliön" ödəmə aparatı oğurlanıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Heydər Əliyev küçəsində yerləşən Xudat şəhər sakini ,1953-cü il təvəllüdlü Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan içərisindən 2000 manat olan "Milliön" ödəmə aparatı oğurlanıb. Mağaza sahibinin sözlərinə görə, oğrular mağazaya girərkən müşahidə kamerasına düşməmək üçün işıqları söndürüblər və mağazanın arxa tərəfindən içəri daxil olublar. İlkin ehtimala görə, "Milliön" aparatını yerə yıxdıqdan sonra özləri ilə gətirdikləri xüsusi alətlərlə onu açıb, içindəki pulları götürüblər. Onlar həmçinin mağazadan siqaret və araq da aparıblar. Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, bu son 11 gün ərzində respublika ərazisində oğurlanan 3-cü ödəmə terminalıdır.