Baş nazirin müavini: "Azərbaycanda beynəlxalq qurumlara qarşı bizdə inamsızlıq yaranıb"

"Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə edilən müraciətə və Həsən Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunun qaldırdığı cinayət işinə  beynəlxalq qurumlar ədalətli yanaşacaq və düzgün qərar qəbul edə biləcəklərini güman edirəm”. APA TV-nin xəbərinə görə, bunu baş nazirinini müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov  bildirib. Onun sözlərinə görə,  təəssüf hissi ilə qeyd edilməlidir ki, bu günə kimi Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar qaldırmış təşəbbüslər beynəlxalq qurumların ikili standartları üzündən bir nəticə verməyib.

 

“20 ildən çoxdur ki, Azərbaycan əraziləri işğal altındadır.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq erməni tərəfi işğal etdiyi Azərbaycan ərazilərini azad etməkdən imtina edir. Belə olan halda beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud da ədalətli qərar qəbul edərlərsə belə həmin qərarların yerinə yetirilməsi ilə bağlı azərbaycanlılarda böyük inamsızlıq yaranıb”.

 

Əli Əhmədov qeyd edib ki, Azərbaycan tərəfi istənilən məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək və bu prosesin özü Ermənistanın nə qədər təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirəcək.

 

Müəllif | Apa.Tv