Yevlaxda ağır qəza: sürücü maşından çətinliklə çıxarıldı
Bakı-Qazax yolunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə yolun Yevlax rayonu, Quşçu kəndində qeydə alınıb. Vəkil Şəmiyevin idarə etdiyi “Toyota Prado” markalı minik maşını qarşı tərəfdən gələn Cəmşid Yunisova məxsus “Mercedes” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki minik avtomobilinin sürücüsü xəsarət alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə cəlb olunan FHN-nin xilasetmə qüvvələri kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış “Mercedes”də sıxılmış vəziyyətdə qalan sürücünü maşından çıxarıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.