Göyərçin yuvası, Səhulən mağarası – İrandan xüsusi reportaj

Mahabad İranın kürdlərin üstünlük təşkil etdiyi şəhərlərindən biridir. Buranın əhalisinin 98 faizi kürd, 2 faizi isə türklərdir. Etnik baxımdan kürdlər üstünlük təşkil etsə də, əhalinin əksəriyyəti Azərbaycan türkcəsində danışa bilir. Əvvəllər buranın adı Soyuqbulaq olub, 20-ci əsrin əvvəllərində isə Mahabad adlandırılıb. Şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir. Bu səbəbdən burada hava yayda sərin, qışda isə çox soyuq olur. Bu şəhəri məşhur edən əsas səbəb isə dünyada təbiətin möcüzəsi kimi qəbul edilən Səhulən mağarasıdır. Bu mağara dağın altında bir göldür. Yerli əhali buranı "göyərçin yuvası" adlandırır.

Səhulən kürd dilindən tərcümədə "buzlu su" deməkdir. Lakin mağarada suyun temperaturu sabitdir və 3-5 dərəcə arasında dəyişir. Göyərçinlər isə bu mağaranı özlərinə yuva seçiblər.

Mağaranın içərisində doğru getdikcə hər yerdə göyərçinə rast gəlirik. Mağaraya düşməyi asanlaşdırmaq üçün sonralar süni şəkildə pilləkənlər düzəldilib. Lakin Səhulənin yolu yenə də çətindir. Mağaranın 2 girişi var. Bunlardan biri giriş, digəri isə çıxış üçün istifadə olunur. Dağın içərisinə təxminən 50 metr daxil olduqdan sonra düz ərazi başlayır. Burada turistləri qayıqlar gözləyir. Bura turistlər daha çox yayda gəlir. Səhulənə ildə orta hesabla 170 min turist gəlir. Mağara yerli əhaliyə 120 ilə yaxındır məlum olsa da, 14 ildir turizm məqsədilə istifadə edilir. Qayıqçılar ənənəvi kürd geyimi geyinir və turistlərə fars dilində izahat verirlər.

Təxminən 30-40 il əvvəl aşkar olunmuş bu mağaranı təbiətin möcüzəsi adlandırmaq olar. Mağara dağın altında yerləşir və suyu bulaq sularıdır.

Mağaranın dünyaya tanıdılmasında fransalı səyyah-arxeoloq Jak Demorqanın böyük rolu var.

Mağarada suyun dərinliyi əsasən 8-10 metrdir, lakin bəzi yerlərdə dərinlik 52 metrə çata bilir. Suyu çox şəffafdır. Əslində göyərçinlərin yaşadığı yerdə suyun bu qədər şəffaf olması bizi təəccübləndirir. 10 ildir mağarada qayıqçı işləyən Yusif Mazuhi bunu suda maraqus, sülüh adlı xırda heyvanlar yaşaması ilə izah edir. Bu heyvanlar göyərçinlərin tullantıları ilə qidalanırlar. Bu səbəbdən su heç zaman çirklənmir və həmişə mavi rəngdədir. Qayıqçı bu suda hətta balıq saxlamağın da mümkün olduğunu dedi.

Mağara ayrı-ayrı otaqlardan ibarətdir. Bəzən otaqlara giriş o qədər dar olur ki, qayıq güclə keçir. Daşlara insan əli dəyməyib. Çox möcüzəvi görüntüləri var. Burada hər otağa daşın bənzərliyinə görə xüsusi ad veriblər. "Göyərçin yuvası", "üzüm salxımı", "fil ayağı", "tut" və sair. Burada daşların arasını da göyərçinlər özlərinə yuva seçiblər. Göldə qayıqla üzdükcə yuxarıdan su damcılayır. Bu da mağaraya xüsusi gözəllik verir. Çöldə havanın necə olmasından asılı olmayaraq burada hava sabitdir. İçəridə həmişə 10-13 dərəcə isti olur. Suyun temperaturu 5-7 dərəcədir. Mağarada qab-qacaq da tapılıb. Arxeoloqların dediyinə görə, burada təxminən 2500 il əvvəl insan yaşayıb. Mağaradan tapılan kül izləri də bunu sübut edir.

Mağaranın çıxışında bizi bir qoca qarşılayır. Əynində ənənəvi kürd geyimi, başında çalması və əlində bir sini çayla. Soyuq havada çay içmək çox xoşdur. Qoca ilə bir az söhbətləşdik. Oradan gedənə kimi bizə Azərbaycan dilində alqış elədi.

 

Müəllif | Apa.Tv