Kürdəmirdə 2 mərtəbəli yaşayış evi yanıb

Kürdəmir rayonunda yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə günorta saat 13:00 radələrində şəhərin Tofiq İsmayılov küçəsi, 12 ünvanında yerləşən evdə baş verib. Rayon sakini Nəzər Həsənova məxsus 2 mərtəbəli evin 1-ci mərtəbəsində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində bir otaq əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

 

Müəllif | Apa.Tv
Zahid Abışov