Şabranda iki avtomobil toqquşub: sürücülərin vəziyyəti ağırdır
Şabranda iki maşın toqquşub, xəsarət alanlar var.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran-Ərəblər yolunun 1-ci kilometrliyində qeydə alınıb. Ceyhun Abbasovun idarə etdiyi “Mercedes” markalı maşınla Nadirşah Ağayevin idarə etdiyi “Niva” markalı minik maşını toqquşub. Qəzadan sonra “Niva” deformasiyaya uğrayıb, sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Şabran DYPB-nin rəisi Söhbət Talıbov hadisənin başvermə səbəbindən danışıb: "İlkin ehtimala görə, hadisəyə səbəb “Mercedes”in “Niva”nın yoluna çıxması olub. Ölüm hadisəsi yoxdur. Təhqiqat aparılır". Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin yardımı ilə sürücü maşından çıxarılıb. Hər iki maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Şabran MRX-dan verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.