“Baku Fires” boks klubu “Astana Arlans”a uduzdu
Azərbaycanın boks komandası Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyasının (WSB) üçüncü turunun görüşləri çərçivəsində Qazaxıstanın “Astana Arlans” kollektivi ilə üz-üzə gəlib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, komandamızı 3:2 hesabı ilə məğlub olub.
Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü Rəsul Saliyev (49 kq) Temirtas Jusupova məğlub olub. İkinci döyüşdə təmsilçimiz Məhəmməd Qurbanov (56 kq) Nursultan Koşequlovla mübarizədə rinqi qalib tərk edib. Heybətulla Hacəliyev (64 kq) ilə Asxat Ualixanov arasındakı döyüşdən təmsilçimiz qalib ayrılıb. Dördüncü döyüşdə rinqə çıxan Rahil Məmmədli (91 kq) isə Vasili Levitə məğlub olub. Beləliklə, qarşılaşmanın taleyinə sonuncu döyüşdə aydınlıq gətirilib. Komandamızın üzvü Jaba Xositaşvili (75 kq) bu qarşılaşmada rəqibi Meyrim Nursultanova məğlub olub.
“Astana Arlans” klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. “Baku Fires” isə ilk turda Qubada italiyalı boksçular üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzub.
Ümumdünya Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparır.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
“Baku Fires” ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.