Bakıda təmirə dayanan yol açılıb
Bakıda təmirə dayanan yol açılıb. APA TV-nin məlumatına görə, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən şəhər istiqamətində əsas yol yenidən istifadəyə verilib. Əsas yolda aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Ötən ilin dekabrında istifadəyə verilən Ziya Bünyadov prospektindəki yol ötürücüsü yanvarın ortalarından bağlanmışdı. “Azəryolservis” ASC-dən bildirilmişdi ki, aparılan işlərin Ziya Bünyadov prospektindəki yenidənqurma işləri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, yol ötürücüsü 2006-cı ilin dekabrında istifadəyə verilib və indi orada temperatur tikişləri dəyişdirilib. Həmin yol ötürücüsünün giriş və çıxışlarında iki temperatur tikişi yerləşir. İstismar prosesində əyilmələr baş verdiyindən tikişlər yenisi ilə əvəz edilib.
Qeyd edək ki, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən şəhər istiqamətindəki hissəsinin açılmasının paytaxtın bir sıra ərazilərində nəqliyyat sıxlığının və tıxacların azalmasına yardım edəcəyi gözlənilir.