Türkiyədə güclü fırtına: evlər dağıldı, yollar bağlandı, aviareyslər təxirə salındı

Güclü fırtına Türkiyəyə ciddi ziyan vurub, bir neçə nəfər ölüb. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, fırtına nəticəsində bölgədə gəmi, bərə və dəniz avtobuslarının səfərləri dayandırılıb. Fırtınaya düşmüş iki karqo gəmisinin heyəti xilas edilib.

 

Fırtına nəticəsində 3 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

 

Ölkə ərazisində bəzi yerlərdə küləyin sürəti saatda 50-90 kilometrə çatıb. Bunun nəticəsində evlərin və inzibati binaların damı uçub, məscidlərin minarəsi dağılıb, xeyli sayda çoxillik ağac kökündən çıxıb, magistral yolların kənarlarındakı dirəklər aşıb, yüzlərlə maşın yolların kənarında qalıb, 8 yük maşını isə küləyin təsirindən aşıb. Sahil bölgələrində yerləşən evləri və iş yerlərini su basıb.

 

İzmir-Ankara magistralında və İstanbulun ”Sahil yolu”nda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

"Türk Hava Yolları" ötən gün 100-dən çox daxili və xarici təyyarə reysini təxirə salıb.

Müəllif | Apa.Tv
Apa.tv