Bakıda taksi sürücüsünü bıçaqlayıb, maşınını və pullarını aldılar

 

Ötən gecə Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsində baş verib. Şəxsi avtomobili ilə taksi xidməti göstərən 30 yaşlı Mürsəliyev Ramil Eldəniz oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Ramil Mürsəliyevə bıçaqla xəsarət yetirilib. Hücuma məruz qalan taksi sürücüsünün avtomobilini və cibindəki pulunu alan şəxs və ya şəxslər hadisə yerindən uzaqlaşıblar.

 

Ramil Mürsəliyev 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı onun qarın nahiyəsində kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı əməliyyat olunub və həyati təhlükəsi yoxdur.

 

Zərərçəkən polisə ilkin ifadəsində bildirib ki, ona hücum edənlər iki nəfər olublar. Onun sözlərinə görə, həmin şəxsləri şəhərdən müştəri kimi götürüb və Ramana qəsəbəsinə aparıb. Ora çatanda isə bıçaqlı hücuma məruz qalıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Ramil Mürsəliyevə xəsarət yetirən və ona qarşı quldurluq edən şəxs və ya şəxslərin axtarışına başlanılıb.

 

 

Müəllif | Apa.Tv