Ağsu aşırımı qış aylarında sürücülər üçün təhlükə yaradır
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımından keçən hissəsi qış aylarında sürücülər üçün təhlükə yaradır. APA TV-nin yerli bürosunun xəbərinə görə bu aşırımda yol ötən əsrin əvəllərində salınıb. Torpaq yola əsrin ortalarında asfalt örtük çəkilib. 14 kilometr uzunluğu olan Ağsu dolaylarında sonuncu dəfə təmir işləri 2008-ci ildə aparılıb. Son 5 ildə isə Ağsu aşırımında torpaq sürüşməsi və irili-xırdalı çatlar əmələ gəlib. Bəzi yerlərdə sürüşmə hələ də davam edir. Yolun bir yerində isə ərazi o qədər daralıb ki, iki avtomobilin yan-yana keçməsi təhlükəli olduğu üçün onlardan biri digərini gözləməli olur.
Mütəxəsislərin sözlərinə görə, bu aşırımda sürüşməyə əsas səbəb kimi yolun tektonik ərazidən keçməsi göstərilsə də, son vaxtlar yolda intensiv hərəkət edən yük maşınları torpaq sürüşməsini daha aktivləşdirir.
Qeyd edək ki, bir neçə il əvvəl müvafiq komissiyanın üzvləri tərəfindən bu yola baxış keçirilərkən oradan ağırtonnajlı yük maşınlarının hər iki istiqamətə hərəkətinə qadağa qoyulsa da, buna sürücülər tərəfindən hələ də məhəl qoyulmur. Əraziyə ağırtonnajlı maşınların hərəkətinin qadağan edən yol nişanı və şlaqbaum da qoyulmuşdu. Xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda ağırtonnajlı yük maşınları bu yolla hərəkət edir.
Yola xidmət edən Ağsu rayon 12 saylı yol istismar idarəsinin işçisi bu yolda olan problemlərdən xəbərdar olduqlarını və sürşmənin aktivliyinə şəraiti yük maşınlarının səbəb olduğunu bildirib. O deyib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147, 149, 151, 153-cü kilomertlik hissələri daha çox sürüşməyə məruz qalıb. Bu yolda mütəmadi olaraq yol təmir aparılır, duman və qarla əlaqədar yol lazımi nişanları quraşdırılıb, ağ xətlər çəkilib, yola nəzarət üçün növbəli iş qurulub.
Qeyd edək ki, yaxın vaxtlarda ümumi uzunluğu 14 kilometr olan Ağsu dolaylarında əsaslı təmir işlərinin aparılması gözlənilir.