Səlim Müslümov: “10 ildə əhalinin gəlirləri 6,5 dəfə artıb"

“Son 10 ildə respublikada ümumdaxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ötən il isə bu artımlar müvafiq olaraq 2,7 faiz və 4,8 faiz təşkil edib".

 

APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ümumdaxili məhsulun adambaşına düşən həcmi son on ildə 8,4 dəfə artaraq, 6300 manata yüksəlib və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2020-ci ilədək bu göstəricinin iki dəfə artacağı gözlənilir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, Azərbaycan artıq “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib. Nazir bildirib ki, ölkəmizin valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan hazırda 53 milyard dollara yüksəlib. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkə sırasındadır. Azərbaycanda şəffaf biznes mühitinin mövcudluğu 2004-cü ildən bəri ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya yatırılmasına imkan verib və növbəti 4 ildə daha 100 milyard dollardan çox investisiyanın yatırılacağı gözlənilir. İqtisadi inkişafın sosial sahəyə müsbət təsiri kimi qeyd olunan dövrdə minimum əmək haqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb, orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla yoxsulluq həddini 1,7 dəfə üstələyir. Əhalinin gəlirlərinin təkcə ötən il 1,4 faizlik inflyasiya səviyyəsindən üç dəfədən də yüksək olduğunu qeyd edən Səlim Müslümov inkişaf proseslərinin uğurlu nəticəsi kimi ölkədə yoxsulluq səviyyəsinin 5 faizə endiyini diqqətə çatdırıb. Nazir bildirib ki, son on ildə 2,6 dəfə, həmçinin ötən il 7 faiz artımın qeydə alındığı qeyri-neft sektorunun milli iqtisadiyyatda payı hazırda 60 faizə yaxındır. Ölkədə muzdla işləyən 1508 min nəfərin 93,3 faizini əhatə edən qeyri-neft sektorunun genişlənməsi 2004-cü ildən bəri bir milyonu daimi olan 1 milyon 360 min yeni iş yerinin açılmasına, məşğulluq problemlərinin aradan qalxmasına səbəb olub. Eyni zamanda, yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib. Tədbirdə Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva seminarda çıxış ediblər.

 

Müəllif | Apa.Tv