FHN Akademiyasında Gənclər Günü münasibətilə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 2 fevral - Gənclər günü münasibəti ilə Nazirliyin Akademiyasında tədbir keçirib. APA TV-nin xəbərinə görə, tədbirdə fövqəladə hallar nazirinin müavinləri, tibb xidməti general leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, nazirliyin qurumlarında çalışan gənc əməkdaşlar, Prezident Administrasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri, FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Respublika Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Aqil Dadaşov və digərləri iştirak ediblər.  

 

Mehman İsmayılov çıxış edərək gənclər günü münasibəti ilə əməkdaşları təbrik edib, bu günün əhəmiyyəti, yaranma tarixi, həyata keçirilən gənclər siyasətinin önəmi və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğı haqqında ətraflı məlumat verib.

 

Nazir müavini Etibar Mirzəyev və digər qonaqlar gənclərlə işin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edərək, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndiriblər.

 

Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş gənc əməkdaşlar mükafatlandırılıb.  

 

Tədbir mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib.

 

Müəllif | Apa.Tv