Emil Allahverdiyev: "Ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı 20417 fakt aşkarlanıb"

"Ötən il Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 20417 halda əmək qanunvericiliyinin pozulması faktı aşkarlanıb".

 

APA TV-nin xəbərinə görə, bunu Xidmətin sektor müdiri Emil Allahverdiyev bu gün Sumqayıtda keçirilən "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində  təşkil olunan "Açıq qapı" günündə deyib. O bildirib ki, hər bir işəgötürən əməyin mühafizəsinin təşkili üçün tədbirlər görməlidir.

 

Tədbirdə əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər, bu sahədə tənzimləyici normativ-hüquqi  aktlar barədə işəgötürənlərə məlumat verilib. Bildirilib ki, iş yerlərində  təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, peşə risklərinin düzgün  qiymətləndirilməsinə, habelə iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılmasına işəgötürənlər tərəfindən daim xüsusi diqqət yetirilməlidir. Bu sahədə əmək qanunvericiliyinin tələblərinə  əməl olunmaması istehsalatla əlaqəli bədbəxt hadisələrə zəmin yaratmaqla, işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur. 

 

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti 26 yanvar - 5 fevral tarixlərini "Təhlükəsiz iş ongünlüyü" elan edib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova