Əli Həsənov: "Milli Atlas Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verəcək"

“Dövlətin öz məqsədlərinə çatması yolunda kartoqrafik materialların əhəmiyyətini və təsir imkanlarını mühüm qiymətləndirən ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşıb. 2001-ci ildə ölkədə struktur islahatları aparılarkən kartoqrafiya problemləri diqqətdən yayınmayıb, mövcud resurslardan müasir zamanda daha səmərəli istifadə etmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılıb”.

 

APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan Respublikasının Milli Atlası" və "Cənubı Qafqaz: 1903-cü il" xəritəsinin təqdimat mərasimində çıxışında bildirib. Onun sözlərinə görə, Milli Atlas Azərbaycanın mili maraqlarının qorunması, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də mühüm töhfəsini verəcək: "Erməni ekspansionistlərinin xəritə və atlaslarla ölkəmizə qarşı silah kimi istifadə etməsi bu məsələnin nə qədər vacib olduğunu göstərir".

 

Şöbə müdiri deyib ki, Ermənistan və erməni diasporu uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq, onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edir. Azərbaycanın Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi-siyasi coğrafiyası və bütövlükdə bu bölgənin coğrafiyası, burada gedən proseslərin mahiyyəti barədə erməni yalanlarının ifşasına əlavə imkanlar yaradacaq. Bu baxımdan atlasın tarix bölməsində geniş materialların yerləşdirilməsi müsbət haldır. Azərbaycanın müxtəlif dövrlərdə hazırlanan kartoqrafik materiallardakı təsvirləri, bu torpaqlarda yaranan qədim dövlətlər və abidələr haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, xəritələr 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin kütləvi köçü, döyüş və qırğınların baş verdiyi məkanlar, etnik təmizləmələr və işğal edilmiş ərazilər barədə ətraflı təsəvvür yaradılması üçün olduqca faydalıdır. Belə bir fundamental nəşrin əmələ gəlməsi ölkəmizin ictimai, siyasi və mənəvi həyatında olduqca mühüm hadisədir.

 

Prezident Administrasiyasının rəsmisi deyib ki, Prezident İlham Əliyevin müstəsna xidməti və himayəsi sayəsində 2003-cü ildən indiyədək respublikada 200-dən çox xəritə və atlas nəşr olunub. Bu sahədə ana dilində çap olunmuş topoqrafik xəritələr, ölkənin ekoloji, torpaq, turizm və sair atlaslarını qeyd etmək olar.

 

Müəllif | Apa.Tv