Bakıda "Nissan"la "VAZ 2107" toqquşub
Bakının Xətai rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Babək və Heydər Əliyev prospektlərinin kəsişməsində qeydə alınıb. Fərid Quliyevin idarə etdiyi "Nissan" markalı avtomobil Emil Mirzəyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobilə arxadan çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Araşdırma nəticəsində məlum olub ki, qəzaya "Nissan"ın sürücüsünün lazımı ara məsafəsi saxlamaması səbəb olub.
Qəzadan sonra yolda sıxlıq yaranıb. Avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.