İsmayıllı rayonu "Gənclər paytaxtı" oldu

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Günü ilə bağlı təntənəli tədbir keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Gənclər və idman naziri Azad Rəhimov gəncləri təbrik edib. O bildirib ki, 2014-cü ildə gənclərin iştirakı ilə qlobal forum keçirilib, istedadlı gənclər üçün Prezident mükafatı təsis edilib. Nazir qeyd edib ki, 2014-cü ildə gənclər siyasətinin infrastrukturu genişlənib, gənclər evləri istifadəyə verilib, gənclərə sosial xidmət göstərən müəssisələrin sayı 31-ə çatıb. Keçən il Bakıda Gənc Alimlərin Forumu keçirilib, kompüter oyunları üzrə dünya çempionatı təşkil olunub. Azad Rəhimov nəzərə çatdırıb ki, keçən il nazirliyin xətti ilə156 iri miqyaslı tədbir keçirilib və onların 34-ü beynəlxalq səviyyəli tədbir olub. Onun sözlərinə görə, nazirlik ötən il gənclər təşkilatlarının 139 layihəsinə maliyyə dəstəyi verilib, bu layihələrə 4 milyon 395 min manatdan çox vəsait ayrılıb. Gənclər və idman naziri gəncləri 2015-2020-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının həyata keçməsində fəal iştirak etməyə çağırıb.

 

Tədbirdə Prezident mükafatlarına layiq görülmüş gənclər mükafatlandırılıb.  Daha sonra “Gənclər paytaxtı”  ilə bağlı keçirilən onlayn səsvermənin nəticələri açıqlanıb. 2015-ci ilin “Gənclər paytaxtı” İsmayıllı rayonu seçilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Gənclər paytaxtı”nın rəmzi açarını İsmayıllı rayonunun Gənclər və İdman İdarəsinin rəisinə təqdim edilib. Daha sonra tədbir musiqili kompozisiya ilə davam edib.  

 

Müəllif | Apa.Tv
Almaz Qasımova