Masallıda qəbiristanlıqlardan oğurluq edən şəxs saxlanılıb

Masallıda qəbiristanlıqdan oğurluq edən şəxs tutulub. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Məmmədrzaküçə kənd sakini Rəşad Əliyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kənd qəbiristanlığında atasının qəbir daşının yanında qoyulan qara mərmərdən hazırlanan güldanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Ərkivan qəsəbə sakini, 28 yaşlı Aqil Duniyev saxlanılıb. Onun Masallı sakinləri Şahin Əsədullayevin, Anar Baxşıyevin, Raci Heydərovun və Yaşar Məhərrəmovun valideynlərinin qəbir daşlarının üzərində olan güldanları da oğurladıqları müəyyənləşib. İstintaq bölməsinin rəisi Elçin Fərəcov saxlanılan şəxsin nə vaxtdan bu əməllə məşğul olduğu barədə məlumat verib: "Müəyyən edilib ki, Aqil Duniyev 2014-cü ilin dekabrından cari il yanvarın 30-dək olan müddətdə Masallı rayonunun ərazisindəki müxtəlif qəbiristanlıqlarda qəbir daşlarının üzərində mərmərdən olan güldanları da oğurlayıb. Nəticədə vətəndaşlara ümumilikdə 1650 manat dəyərində maddi ziyan dəyib".

 

Tüfeyli həyat tərzi keçirən Aqil Duniyev içki düşkünüdür və oğurladıqlarını sataraq spirtli içki əldə etməyə xərcləyib. Saxlanılan şəxs qəbiristanlıqdan oğurluq etməsini də məhz içkili vəziyyətdə olması ilə izah edib: "Özümdə olmamışam. Gecə vaxtı idi. İçkili olmuşam, bilməmişəm. Satmaq fikrində deyildim. Aparıb yerinə qoyacaqdım".

 

Təqsirləndirilən Aqil Duniyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

Müəllif | Apa.Tv