Son illərin dəbi: Saç qaynaqları hansı fəsadları yaradır?
"Güzgü, güzgü, məndən gözəli varmı bu dünyada?"
Elə xanım tapılmaz ki, ömründə bir dəfə də olsa, güzgüyə baxıb bu sualı verməmiş olsun. Artıq elə zaman gəlib ki, xarici gözəlliyi sözün həqiqi mənasında pulla almaq mümkündür. Estetik əməliyyatlar, saçlara, dırnaqlara qaynaq və digər prosedurlar...
Budəfəki mövzumuz xanımların ən çox şikayətləndikləri saç problemlərini ört-basdır etmək üçün baş vurduqları saç qaynaqlarıdır.
Son illər xanımlar arasında saç qaynağına maraq bir qədər artıb. Əvvəllər şəhərdə saçları qaynaqlı tək-tük xanıma rast gəlirdiksə, indi vəziyyət çox dəyişib.
Xarici görünüşdə böyük fərq yaradan saç qaynağının insan orqanizminə ziyanı varmı?
Saç ustası Afət Qasımova APA TV-yə deyib ki, saç qaynağı zamanı keyfiyyətsiz materialdan istifadə, saç ustasının təcrübəsizliyi, qaynaq olunan saça düzgün qulluğun olunmaması müxtəlif fəsadlar yarada bilər. Saç qaynağı düzgün edilmədikdə keçəlləşməyə gətirib çıxarır. Həm də qaynaq təbii saçları daha da nazik edir və saçqıranlar yaradır. Saçların süni uzadılmasından sonra codlaşır. Bu səbəbdən də seyrək, nazik saçları olan xanımlara qaynaqdan istifadə etmək məsləhət deyil. Yaxşı olar ki, ilk növbədə xanımlar saçlarına müxtəlif müalicə üsulları tətbiq etdikdən sonra saç qaynaqlarından istifadə etsinlər. Lakin bu zaman əsas məsələni unutmamalıdırlar ki seçilən saç mütləq təbii saç olmalıdır: "Təbii saçları yalnız peşəkarlar seçə bilər. Təbii saçları süni saçlardan seçmək üçün onu islatmaq lazımdır. Saç islanan zaman dolaşırsa, deməli süni saçdır. İstilik dəyən kimi yığışan saç da sünidir. Süni saçların ziyanları isə saçın dibinə mikrob sala bilər. Saçın dibində qaşınma və hətta sızanaqların yaranmasına da gətirib çıxarır. Eyni zamanda süni saçlar dolaşaraq təbii saçların da tez xarab olmasına səbəb olur".
Usta deyir ki, saç qaynağı zamanı adamın yaşı və sağlamlığı da nəzərə alınmalıdır. Dərisi həssas olan adamlara qaynaq məsləhət deyil. On yeddi yaşından aşağı olan xanımlara da qaynaq elətdirmək olmaz. Çünki bu yaşa qədər yeniyetmələrdə saçlar yetərincə bərkimir: "Elə müştərilərimiz olur ki, qaynağı tək muncuqla istəyir. Çünki iki qat muncuq bir qədər ağırlıq yaradır. Düzdür, tək muncuqla yığılanda qaynaq bir qədər etibarsız sayılır, lakin, bu ustanın yığmağından asılıdır. Bir də keratinlə qaynağımız olur".
Qaynaqdan sonra saç xüsusi qulluq tələb edir. Usta xanımlara bir sıra məsləhətlər də verib. Deyir ki, xanımların qaynaqdan sonra yaş saçla yatmağı məsləhət deyil. Yatmazdan əvvəl saç dolaşmasın deyə onu hörmək və ya səliqə ilə yığmaq lazımdır. Qaynaqdan sonra hər gün saç xüsusi daraqla daranmalıdır: "Saç qaynağı zamanı mütləq saçın alt hissəsindən və bir qədər də yan tərəflərdən bir qədər saç saxlamaq lazımdır. Bu, ona görədir ki, xanım saçı yuxarı yığarkən altdan və yanlardan qaynaq görünməsin".
Usta qaynaq olunan saçı yuyarkən də ehtiyatlı olmağa çağırır. Saçı başı arxaya əyərək yumaq məsləhətdir. Bu, saçın dolaşmasının qarşısını alacaq. Müsahibim qaynaqdan sonra fəsadların qarşısını almaq üçün vaxtı-vaxtında saç ustasının yanına getməyi tövsiyə edir.
Bəzən saç ustaları müştərilərə yanlış məsləhət verərək saç qaynağının 4-5 aya qədər qaldığını deyirlər. Lakin əslində 2-3 aydan bir təkrar saç ustasının yanına gəlib saçı korrerksiya etdirmək vacibdir.
Qaynaq olunan saçlara saç rəngi seçərkən də mütləq diqqətli olmaq lazımdır. Yeni saçın bilinməməsi üçün saçların eyni rəngdə olması mütləqdir. Bu ilin rəngləri isə "balyajlar", kölgələr, kül və karamel rənglərdir.