Odessada azərbaycanlılarla “Avtomaydan” fəalları arasında kütləvi dava olub - VİDEO
Ukraynanın Odessa şəhərində azərbaycanlılarla "Avtomaydan" fəalları arasında kütləvi dava olub. Vesti.az-ın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, qarşıdurmada 100-dən çox adam iştirak edib. Davanın yatırılması üçün əraziyə xüsusi təyinatlı birləşmələr göndərilib. Kütləvi davada “Avtomaydan”ın bir neçə nümayəndəsi xəsarət alıb. "Avtomaydan" fəallarının lideri Yevgeni Rezvuşkin bildirib ki, hər iki tərəf aralarındakı narazılığı sülh yolu ilə yatırmaq istəsə də, alınmayıb. Rezvuşkin iddia edir ki, o, azərbaycanlılarla təyin edilən görüşə tək gəlsə də, qarşı tərəfin sayı təxminən 100 nəfər olub. O, həmin adamlar tərəfindən təhqir edildiyini və artıq milisə ərizə ilə müraciət etdiyini deyib. Tərəflər arasında yaranan narazılığa yerli mühafizə xidməti və bələdiyyə ilə problemi olan azərbaycanlı iş adamına hücum göstərilir. Azərbaycanlılar isə Rezvuşkinin söylədiklərinin doğru olmadığını bildiriblər. Onların sözlərinə görə, məsələnin mahiyyəti tamam başqadır, bəzi adamların göstərişi ilə azərbaycanlı biznesmenlərə qarşı təzyiqlər artıb. Bir ay əvvəl iş adamı Şaiq Həsənov həyat yoldaşı və uşaqları ilə yaşadığı şəhərdə gəzərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Buna qədər isə başqa bir azərbaycanlıya qarşı analoji hücum olub. Ram Atakişiyev adlı şəxsin avtomobilinin qarşısını naməlum maşın kəsib. Maşından düşən və indiyə qədər kimlikləri müəyyənləşdirilməyən bir neçə maskalı şəxs azərbaycanlını huşunu itirənə qədər döyüblər. Onun öldüyünü zənn edən dəstə üzvləri aradan çıxıblar. Odessada yaşayan azərbaycanlılar iddia edir ki, onların seçdiyi nümayəndə Rezvuşkinlə görüşə tək gedib. Lakin "Avtomaydan" liderinin şərtləri qəbul olunmayıb. Həmin vaxt Rezvuşkin ətrafa işarə verib və bir göz qırpımında onun ətrafında əl silahlı şəxslər peyda olub. Bu vaxt görüşə gedən azərbaycanlının həmyerlilərini köməyə çağırmaqdan başqa çarəsi qalmayıb. Bu günlərdə tərəflər arasında növbəti danışıqların planlaşdırıldığı deyilir. Odessa milisi isə konfliktlə əlaqədar hələ heç kəsin saxlanmadığını, araşdırılma aparıldığını bildirib.