Avropa Oyunları zamanı üzərində Qarabağın abidələri həkk olunan suvenirlər hazırlanacaq
"Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və sərhəddəki gərginliyin Avropa Oyunları ilə heç bir bağlılığı yoxdur, ola da bilməz. Çünki oyunlar zamanı bütün müharibələr dayandırılmalıdır".
APA TV -nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib: "Qonşu ölkə hər hansı səbəblərə görə bu problemi törədirsə, bunu Avropa Oyunları ilə əlaqələndirə bilmərəm. Bu, onların aqressiv siyasətidir. Xalqın fikrini ayrı istiqamətə yönəltmək üçündür".
"Bakı 2015" I Avropa Oyunlarının medallarının ictimaiyyətə fevralın 5-də təqdim olunacağını deyən nazir bildirib ki, təqdimat "Bakı-2015"in Koordinasiya Komitəsinin Bakıda təşkil olunacaq son iclası çərçivəsində baş tutacaq. Medalların dizaynı təsdiqlənib. 2000-dən çox medalın istehsalına başlanılıb.
I Avropa Oyunları zamanı əcnəbi qonaqlara, eyni zamanda yarış iştirakçılarına ölkəmizi, xüsusilə də Qarabağın maddi mədəni irsini tanıtmaq üçün müxtəlif suvenirlər hazırlanacaq.
"Bazarstore" İdarə heyətinin üzvü Tahir Gözəl deyib ki, oyunlar zamanı bir qədər fərqli suvenirler olacaq: "Qarabağın abidələri həmin suvenirlərin üzərinə həkk oluna bilər".
Qeyd edək ki, daha iki şirkət "Bakı-2015" I Avropa Oyunlarının rəsmi dəstəkçisi elan olunub.